skip to Main Content
REZİDENTURA SƏVİYYƏSİNƏ QƏBUL QAYDALARI
MÜDDƏALAR

Məlumatlar TQDK-nın rəsmi saytına istinad edir.

Bu Qaydalar Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 6 aprel tarixli, 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası­nın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 7.17 və 9.2-ci bəndlərinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli, 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları”nın 3-cü bəndinə əsasən hazırlanmışdır və həkim-mütəxəssislərin hazırlanması məqsədi ilə baza ali tibb təhsili olan şəxslərin rezidenturaya qəbulu qaydalarını müəyyən edir.

1. Ümumi müddəalar

1.1. Rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər (bundan sonra – namizəd) malikdirlər.

1.2. Rezidenturaya qəbul Azərbaycan Respubli­kasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra – TQDK) tərəfindən “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir.

1.3. Rezidenturaya əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir.

2. Ərizələrin qəbul edilməsi 

2.1. Namizədlər qəbul imtahanında iştirak etmək üçün TQDK-nın rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni doldurmalı və TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına aşağıdakı sənədlərin əslini şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər:

2.1.1. Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

2.1.2. əvvəlki illərin məzunları baza ali tibb təhsili haqqında diplomu, diploma əlavəni və məzunu olduqları baza ali tibb təhsili müəssisəsindən verilən, bitirdikləri ixtisasın şifri, orta qiyməti (5 və ya 100 ballıq şkalada), ali təhsil müəssisəsinə daxil olduğu il və abituriyent ərizəsinin nömrəsi göstərilən arayışı (Əlavə 1);

2.1.3. cari ilin məzunları təhsil aldıqları baza ali tibb təhsili müəssisəsi tərəfindən verilən, təhsil aldıqları ixtisasın şifri, orta qiyməti (5 və ya 100 ballıq şkalada), ali təhsil müəssisəsinə daxil olduqları il və abituriyent ərizəsinin nömrəsi göstərilən arayışı (Əlavə 3);

2.1.4. xarici ölkələrdə ali təhsil alanlar Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamə”ni;

2.1.5. xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.

2.2. Rezidenturaya qəbul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yuxarıda qeyd olunan sənədlərlə bərabər, onların Azərbaycan dilinə notariat qaydasında təsdiq olunmuş tərcüməsini təqdim edirlər.

3. Qəbul imtahanı 

3.1. Baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir:

3.1.1. birinci mərhələdə namizədin təhsil aldığı baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq baza fənləri üzrə bilikləri yoxlanılır və imtahanın birinci mərhələsindəki nəticələri TQDK-nın müəyyən etdiyi tələbləri ödəyən namizədlər ikinci mərhələyə buraxılırlar;

3.1.2. ikinci mərhələdə namizədin təhsil aldığı baza ali tibb təhsili istiqaməti üzrə ixtisas fənləri üzrə bilikləri yoxlanılır.

3.2. Namizədin təhsil aldığı baza ali tibb təhsili istiqamətindən asılı olaraq imtahan aparılan baza və ixtisas fənləri TQDK tərəfindən müəyyən edilir və “Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli”ndə göstərilir (Əlavə 2).

4. İxtisas seçimi

4.1. Rezidenturaya qəbul ol­maq üçün ixtisas seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra aparılır. İxtisas seçiminə iki mərhələ üzrə imtahandan topladığı ümumi balı (ballarının cəmi) ilə yanaşı, baza fənləri və ixtisas fənləri üzrə ayrılıqda topladığı balı da TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılır­lar.

4.2. Namizəd “Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli”nə (Əlavə 2) əsasən, bitirdiyi baza ali tibb təhsili istiqamətinə müvafiq olan ixtisaslardan istəyinə uyğun olanlarını seçərək öz elektron ərizə formasına istədiyi ardıcıllıqla daxil edir və ixtisas seçimini təsdiq edir.

4.3. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və namizəd topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslardan birincisinə yerləşdirilir.

5. Müsabiqənin keçirilməsi

5.1. Müsabiqə namizədlərin iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi balı (ballarının cəmi) əsasında aparılır.

5.2. Namizədlərin yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.

5.3. Rezidenturaya müsabiqə yolu ilə qəbul yalnız imtahanda toplanılan ballara əsasən aparılır.

5.4. Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox namizədi fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:

5.4.1. baza ali tibb təhsili səviyyəsi üzrə orta qiymət balı;

5.4.2. ixtisas fənləri üzrə testdən toplanılan bal.

5.5. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, namizədlər tərəfindən  4.2-ci bənddə göstərilən qaydada ixtisas seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdir­mə aparılır.

6. Yekun müddəalar

6.1. Hər hansı bir ixtisasa yerləşdirilmiş namizəd tələb olunan sənədləri TQDK tərəfindən müəyyən edilən 5 iş günü müddətində qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanına təqdim etməklə qeydiyyatdan keçməlidir. Namizədin bu müddətdə qeydiyyatdan keçmə­məsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

6.2. Rezidenturaya keçirilən müsabiqə və onun nəticələri ilə bağlı namizədlərin müraciətlərinə baxılması üçün TQDK tərəfindən apelyasiya komissiyası yaradılır.

6.3. Namizəd apelyasiya komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya komissiyasının qərarlarından inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

6.4. Müsabiqənin keçirilməsi zamanı namizədin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

6.4.1. saxta sənəd təqdim etmək;

6.4.2. imtahanlara mobil telefon və digər rabitə vasitələri, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;

6.4.3. yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə siqaret gətirmək;

6.4.4. “İmtahan başlandı!” elan olunan andan imtahanın sonunadək səbəbindən asılı olmayaraq, zalda yerini dəyişmək, gəzişmək, danışmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;

6.4.5. “İmtahan başlandı!” elan olunan andan 1,5 saat müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində imtahan zalından çıxmaq;

6.4.6. başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, imtahana öz yerinə başqasını göndərmək;

6.4.7. nəzarətçiyə test tapşırıqlarının həllində kömək üçün müraciət etmək;

6.4.8. cavab kartını və sual kitabçasını nəzarətçiyə təhvil vermə­dən imtahan zalından çıxmaq.

6.5. Namizədin bu Qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları TQDK tərəfindən aşkar edildikdə onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

Back To Top